Logo

Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki” kitabının təqdimatı olub

19.11.2023 20:04 229 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər-üt-türki” kitabının təqdimatı keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli müasir dövr üçün olduqca qiymətli tapıntı olan “Məzhər-üt-türki” əsərinin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin uzunmüddətli səyi və şəxsi təşəbbüsünün nəticəsi olduğunu vurğulayıb.

Teymur Kərimli qeyd edib ki, əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılıb. Onun sözlərinə görə, ilk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik zəngin dünya dilləri arasında öz mövqeyi ilə seçilən Azərbaycan dilinin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir.

Akademik Teymur Kərimli çıxışının sonunda türk dillərinin təkamül tarixinin dərindən öyrənilməsinin əhəmiyyətinə toxunaraq əsərin Azərbaycan dilində nəşrinin bu istiqamətdə gələcək elmi tədqiqatlar üçün zəmin yaradacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən nəşrin tərtibçisi, “Ön söz” və şərhlərinin müəllifi, professor Nadir Məmmədli İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün mötəbər və qiymətli olan bu əlyazmanı ona Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşinin hədiyyə etdiyini vurğulayıb.

Nadir Məmmədli qeyd edib ki, “Məzhər üt-türki”ni türk mədəniyyəti, ədəbiyyatı, elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki “İslam irsini yenidən canlandırma Mərkəzi” kitabxanasının nadir kitab fondundan əldə etmiş, şəxsi arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir.

O, “Məzhər üt-türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, lakin bir müddət Azərbaycanın Şamaxı şəhərində yaşadığı üçün Şirvani təxəllüsünü götürdüyünü bildirib. Qeyd edib ki, Əbdürrəhim Ərdəbili “Məzhər üt-türki” risaləsini Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə yazmışdır. Nadir Məmmədli dərsliyin İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmış, Qızılbaş türkcəsi haqqında məlumat verən ilk və yeganə əsər olduğunu vurğulayıb.

Sonra çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabı dilçilik elminində xüsusi dəyəri ola biləcək əsər kimi xarakterizə edib. Bildirib ki, nəşrdə bəzi məsələlərin tam aydınlaşdırılmasına müvəffəq olunarsa bu əsər müasir Azərbaycan dilçiliyinin ilk möhtəşəm abidəsi hesab oluna bilər.

Türk dillərinin inkişaf tarixindən bəhs edən akademik Nizami Cəfərov türk dillərini dialektləri ilə birgə qrammatik fərqlərini də nəzərə alaraq sxemləşdirdikdə 100-ə qədər türkcə təzahürün meydana çıxacağını söyləyib. Alim əsərin böyük iddia ilə qələmə alındığını və dilimizin qrammatikası ilə bağlı ilk əsər olduğunu deyib. Qeyd edib ki, bu nəşr dil elementləri, coğrafiyası və hökmü ilə Şərqdən Qərbə qədər uzanan Azərbaycan dilinin müstəqil dil olduğunu bir daha təsdiq edir. Nizami Cəfərov əsərdəki əksər dil nümunələrinin Füzulidən gətirildiyini diqqətə çatdırıb.

Tədbirdə akademik Möhsün Nağısoylu, professorlar Sevinc Əliyeva, Rüfət Rüstəmov, tarix elmlər doktoru Güllü Yoloğlu, filologiya elmləri doktorları Nərgiz Hacıyeva, Şəbnəm Həsənli Qəribova, dosent Xədicə Heydərova və digərləri çıxış edərək əsərin Azərbaycan dilinin qramatikasının xüsusiyyətlərinin tarixinin öyrənilməsinə böyük töhfələr verəcəyini qeyd ediblər.

Xəbər lenti