Rusiyanın görkəmli yazıçısı, şair Viktor Slipençuk, “Bədii ədəbiyyat” nəşriyyatının baş redaktoru Georgiy Pryaxin və “Baykal” Fondunun direktoru Oleq Velikoredçanin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizə gələn qonaqlar əvvəlcə müəssisənin baş direktoru akademik Teymur Kərimli ilə görüşüblər.
Rusiyalı qonaqlar institutun Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və H.Z.Tağıyev guşələrinə tamaşa edib, burada sərgilənən qədim əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən bu yaxınlarda Xurşidbanu Natəvanın həmin siyahıya salınan “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat əldə ediblər.
Görüş əsnasında keçmiş SSRİ və Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, “Yesenin” və “Çingiz xanın şöhrəti” medallarının laureatı Viktor Slipençukun “Çingiz Xan” poemasının və həmin əsərin də yer aldığı “Rus sözü ilə səyahət” kitabının təqdimat mərasimi keçirilib. Şair çıxışında ərsəyə gətirdiyi yeni nəşrlər haqqında məlumat verib, bir neçə şeirini səsləndirib, daha sonra onun bədii irsi ilə bağlı institutun alim və mütəxəssislərini maraqlandıran sualları cavablandırıb.
Sonda V.Slipençuk müəllifi olduğu kitabları Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib, təqdimat mərasiminin keçirilməsinə şərait yaratdıqları üçün AMEA-nın və Əlyazmalar İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.