Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Memarlıq fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə AzMİU-dan məlumat verilib.
Görüşdə rektor AzMİU-ya yeni qəbul olan tələbələri, onların valideynlərini təbrik edib, seçimlərinin gələcək həyatlarının qurulması üçün doğru istiqamət verəcəyinə, universitetdə oxuduqları illər ərzində yiyələndikləri biliklər, topladıqları təcrübələrin ləyaqətli vətəndaş, uğurlu memar olmaları üçün imkan yaradacağına inandığını deyib.
Professor Gülçöhrə Məmmədova universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbir və seminarlardan, icra olunan layihələrdən, təşkil edilən dərnək və klublardan, fəaliyyət göstərən dil və informasiya texnologiyaları hazırlığı mərkəzlərindən, kitabxanalardan bəhs edib. O, tələbələrə universitetdə görülən işlərlə yanaşı, həyata keçiriləcək yeni layihələr barədə də məlumat verib.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Görüşdə universitetin prorektorları, fakültə dekanı, müəllimlər və tələbə təşkilatlarının rəhbərləri də iştirak ediblər.