Logo

MEK Özbəkistanın elm və təhsil qurumları ilə əlaqələrini genişləndirir - FOTO

17.11.2023 23:38 289 baxış
IMG

Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruzə Madrahimova, Mamun Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahsənəm Yoldaşova nümayəndə heyəti ilə birgə tərəfdaşlıq əlaqələri qurmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı MEK ilə Özbəkistanın Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutu arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sazişində kitab sərgilərinin təşkili, birgə layihələr işləyib-hazırlamaq və həyata keçirmək, qarşılıqlı maraq doğuran kitabxana-informasiya fəaliyyəti ilə bağlı müntəzəm sənəd və məlumat mübadiləsi aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, birgə materiallar dərc etmək və s. istiqamətlər nəzərdə tutulub.

MEK-in baş direktoru professor Məmməd Əliyev kitabxananın fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib.

“MEK ilə Özbəkistan kitabxanaları arasında dərin tarixi və mədəni bağlar mövcuddur. Mərkəzi Elmi Kitabxana 41 ölkənin 104 təşkilatı ilə beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir. Həmin təşkilatların arasında Özbəkistan elmi qurumlarının xüsusi yeri var”, - deyə M.Əliyev qeyd edib.

Özbəkistanlı qonaqlara MEK-in Qarabağ müharibəsi qəhrəmanları, Diplomatik, eləcə də Nadir kitablar və qiymətli nəşrlər fondlarındakı qədim və dəyərli nəşrlər, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin hədiyyə etdikləri kitablardan ibarət guşələr haqqında ətraflı məlumat verilib.

Qonaqlar kitabxanada yaradılan şəraiti yüksək dəyərləndiriblər.

Xəbər lenti