Logo

“Heydər Əliyev və türk xalqlarının inteqrasiyası” mövzusunda elmi sessiya keçirilib - FOTO

17.11.2023 20:46 296 baxış
IMG

Noyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və türk xalqlarının inteqrasiyası” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, elmi sessiyanın əvvəlində Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva “Heydər Əliyev İli” çərçivəsində bütün ölkəmizdə olduğu kimi, AMEA-da da bir çox tədbirlərin həyata keçirildiyini bildirib. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin iştirakı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransın, “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbirin, eləcə də “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda seminarın keçirildiyini qeyd edib, bir sıra nəşrlərin işıq üzü gördüyünü xatırladıb.

G.Baxşəliyeva dövlət quruculuğunun bütün sahələri kimi, müstəqil dövlətimizin beynəlxalq münasibətlərinin qurulmasının da Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. O, Ulu Öndərin Şərq siyasətinin müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya birliyində özünə layiq yer tutmasına nail olmaq məqsədi daşıdığını, Ümummilli Liderin türkdilli dövlətlərlə münasibətlərin qurulmasına xüsusi önəm verdiyini qeyd edib.

Elmi sessiyada “Heydər Əliyev və türkdilli xalqların inteqrasiyası” mövzusunda məruzə edən institutun Mərkəzi Asiya ölkələri şöbəsinin baş elmi işçisi dosent Adil Mirabdullayev Ümummilli Lider Heydər Əliyevin xarici siyasətində Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin xüsusi yer tutduğunu deyib. Ulu Öndərin Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanla əlaqələrin qurulmasında və möhkəmləndirilməsində göstərdiyi xidmətdən danışıb.

“Heydər Əliyevin türk mədəniyyətinə verdiyi töhfələr” mövzusunda məruzə edən Türk filologiyası şöbəsinin elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xanım Abdullayeva Ümummilli Liderin bu sahədə xidmətləri sırasında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin qeyd edilməsini, Bakıda Atatürk Mərkəzinin yaradılmasını, TÜRKSOY-un 8-ci toplantısının Bakıda keçirilməsini, Abay Kunanbayevin 150 illik yubileyinin keçirilməsini və digərlərini qeyd edərək, Ulu Öndərin Çingiz Aytmatov, Oljas Suleymenov və Türk dünyasının digər dəyərli şəxsiyyətlərinə göstərdiyi isti münasibətdən söz açıb.

Elmi sessiyanın sonunda məruzələr ətrafında çıxışlar olub, suallar cavablandırılıb.

Xəbər lenti