Logo

Valideynlər üçün “Payız məktəbi”nə start verilib - FOTO

17.11.2023 09:45 386 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə 321 nömrəli tam orta məktəbdə valideynlər üçün “Payız məktəbi” təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva əvvəlcə valideynlər üçün təşkil edilmiş təlimlərin gedişi ilə tanış olub. Onlara məktəb, şagird və valideyn əməkdaşlığının səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələrini verib.

Daha sonra “Payız məktəbi” ilə bağlı təşkil olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Mehriban Vəliyeva payız tətili günlərində keçirilən “Payız məktəbi” barədə ətraflı məlumat verib. O bildirib ki, əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq, müəllimin və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.

Valideyn-məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu olduğunu deyən M.Vəliyeva valideynlər üçün təlimlərin keçirilməsinin onların məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirakına mühüm təsiri olduğunu vurğulayıb.

Çıxış edən 321 nömrəli tam orta məktəbin müəllimi Könül Musayeva və valideyn Ülviyyə Həsənova şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaq, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühiti yaratmaqda belə təşəbbüslərin əhəmiyyətindən bəhs ediblər.

Tədbirdə şagirdlər maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonra BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin psixoloqları Səidə Əhmədova, Heyran Səfərova və Aysel Novruzova tərəfindən “Yeniləşən məktəb” pilot layihəsi çərçivəsində V siniflərin valideynləri üçün “Gəlin birlikdə uyğunlaşaq” və böhran yaş dövrü ilə əlaqədar VII-VIII siniflərin valideynləri üçün “Övladımı tanıyırammı?” mövzularında təşkil olunan təlimlər davam edib.

Qeyd edək ki, BŞTİ tərəfindən irəli sürülmüş valideynlər üçün “Payız məktəbi” təşəbbüsünə paytaxtdakı digər ümumi təhsil müəssisələri də qoşulub.

Xəbər lenti