Logo

Koreya və Azərbaycan arasında İKT sahəsi üzrə yeni qrant layihəsi həyata keçirilib - FOTO

14.11.2023 21:04 306 baxış
IMG

14 noyabr 2023-cü il tarixində Koreya Hökuməti tərəfindən alınmış İT sahəsinə aid avadanlıqlarla bağlı Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elektron Təhlükəsizlik Xidməti arasında müvafiq protokol imzalanıb.

Tehsil.biz xəbər verir ki, protokolun imzalanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında rəqəmsal texnologiyalar üzrə avadanlıqların alınmasına dair həyata keçirilmiş “Kiçik miqyaslı ODA” adlı qrant layihəsi çərçivəsində həyata keçirilib.

Bununla əlaqədar təşkil olunan tədbir zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxış edərək Azərbaycan və Koreya arasında dostluq münasibətləri və iqtisadi əlaqələrin genişləndiyini bildirib. Ölkələr arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini Azərbaycan Hökuməti üçün rəqəmsal transformasiyanın əsas prioritet sahələrdən biri olduğunu vurğulayıb.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq ölkəmizlə əlaqələr, eyni zamanda Koreya Hökumətinin Azərbaycana təqdim etdiyi proqram və layihələr haqqında məlumat verərək tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əminliyini ifadə edib.

Qeyd edək ki, “Kiçik miqyaslı ODA” qrant layihəsi çərçivəsində əldə olunmuş avadanlıqlar nazirlik tərəfindən kibertəhlükəsizlik sahəsində fəaliyyətin həyata keçirilməsində, eləcə də İKT sahəsində təşkil olunan təlim-tədris prosesləri, bu sahədə məlumatlılığın artırılması və insan kapitalının gücləndirilməsi, regionlarda startapların dəstəklənməsi və buradakı universitetlərdə tədqiqatın genişləndirilməsində istifadə ediləcək.

Məlumat üçün bildirək ki, “Kiçik miqyaslı ODA” layihələri Azərbaycanda 2019-cu ilin 11 yanvar tarixində imzalanmış “Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Qrant yardımı Çərçivə Sazişi” əsasında həyata keçirilir.

Xəbər lenti