Logo

Naxçıvan Muxtar Respublikasının rəhbər vəzifəli şəxsləri üçün təlim keçirilib

04.11.2023 18:25 177 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli olan dövlət qulluqçuları üçün səyyar təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİA-dan məlumat verilib.

Təlim Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamının müvafiq bəndinin icrasını təmin etmək məqsədi daşıyır. Qeyd edilən Dövlət Proqramının dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin əsas icraçısı Dövlət İdarəçilik Akademiyasıdır.

Təlimdə DİA-nın rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” mövzusunda interaktiv təqdimatla çıxış edib. Təqdimatda Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkilib. Rektor Urxan Ələkbərov Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanmış ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. O, bu Zəfərin cəmi 44 günə qazanılmasını və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını dövlətimizin başçısının innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifahının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. İnklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var.

U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, ölkənin hazırkı davamlı inkişafı dövlət idarəçiliyi və dövlət qulluğu sahəsində reallaşdırılan ardıcıl islahatlar və dəyişikliklərin nəticəsidir. Akademik qeyd edib ki, 8 noyabr 2020-ci il Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı.

DİA-nın rektoru müstəqil və suveren Azərbaycan dövlətinin keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olduğunu söyləyərək, inklüziv cəmiyyətin qurulması prosesinin ölkənin 2030-cu il üçün planlaşdırılmış əsas prioritetləri sırasında olduğunu deyib.

U.Ələkbərov beynəlxalq təşkilatların hesabatlarına əsaslanaraq, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu yeni mərhələdə Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən inklüziv inkişafın planlaşdırılması və idarəedilməsi sahəsindəki uğurlarını dinləyicilərin diqqətinə çatdırıb.

Akademik U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq tədbirlərindən, müstəqillik dövründə qazanılan siyasi, iqtisadi, hərbi uğurlardan, inklüziv inkişafın idarə olunması sahəsində ölkənin əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Sonra dinləyicilərin sualları cavablandırılıb.

Xəbər lenti