Logo

İnteraktiv kollaborativ robototexnikası mövzusunda 8-ci beynəlxalq konfrans keçirilib

01.11.2023 09:47 167 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu (İSİ), Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi və Çinin Vençjou Universitetinin təşkilatçılığı ilə “İnteraktiv kollaborativ robototexnikası” mövzusunda 8-ci beynəlxalq konfrans (ICR`2023) keçirilib.

İdarəetmə Sistemləri İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, konfransın əsas məqsədi kollaborativ robotlar sahəsində dünyanın qabaqcıl ölkələrində çalışan alim və mütəxəssisləri bir araya gətirərək süni intellekt texnologiyalarının inkişafı, müxtəlif sahələrdə tətbiqi və perspektivləri barədə fikir mübadiləsi aparmaqdan ibarət olub.

Beynəlxalq konfransda qlobal elmi və texnoloji inkişafla müşayiət olunan IV Sənaye İnqilabının tələblərindən irəli gələrək süni intellektin insan həyatında rolu ön plana çəkilib. Həyat fəaliyyətinin müxtəlif sahələrində insanları əvəz edə bilən süni intellekt texnologiyaları təbii dilin emalı, maşın öyrənməsi, şəbəkə nəzarət sistemləri, nümunələrin tanınması kimi bir çox sahələri özündə ehtiva edir. Üç gün davam edən konfransda 6 bölmə üzrə 6 plenar iclas, 27 bölmə məruzəsi və 1 dəyirmi masa keçirilib. Rusiya, Belarus, Çin, ABŞ və digər ölkələrin aparıcı alimlərinin iştirak etdiyi beynəlxalq konfransa təqdim olunmuş 33 məruzə “Springer” nəşriyyatı tərəfindən dərc edilib. Konfransın nəticəsi olaraq sözügedən ölkələr arasında mövcud elmi əlaqələrin inkişaf etdirilməsi, aktual mövzulara həsr olunan belə konfransların təşkili, birgə elmi tədqiqatların aparılması və mübadilə proqramlarının həyata keçirilməsi qərara alınıb.

Xəbər lenti