Logo

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

23.10.2023 18:00 189 baxış
IMG

Sentyabrın 7-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elana çıxarılan vəzifələr üzrə namizədlərlə 148 müsahibənin keçirilməsi planlaşdırılır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan 38 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Ən yüksək müsabiqə vəziyyəti İqtisadiyyat Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 36 namizəd), Qida Təhlükəsizliyi Agentliyi, Maliyyə sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin noyabrın 1-dən 23-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti