Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qaliblərindən olan “Məktəb də evimdir!” - valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə dəstək proqramı layihəsinin açılışı olub.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, layihənin əsas məqsədi məktəbin ibtidai siniflərinin valideynlərini təlimatlandıraraq valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş dəstəkverici təşəbbüslərin təşkilinə, məktəbdə psixososial durumun yaxşılaşdırılmasına və valideynlərin məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək olmaqdır.
Layihə çərçivəsində valideyn təşəbbüsləri də nəzərə alınıb. Belə ki, ibtidai sinifdə təhsil alan şagirdlərlə valideynləri müəllimlərlə birgə dibçəklərdə güllər əkib və məktəb koridorunun bəzədilməsi məqsədilə divara şəkillər çəkiblər.
Qeyd olunub ki, layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandasının formalaşdırılıb, valideynlər tərəfindən ibtidai siniflərdə təşəbbüs ideyaları həyata keçirilib. Növbəti mərhələdə “Məktəb də evimdir!” təlim proqramında iştirak ilə bağlı valideynlərin seçimi aparılacaq və “Məktəb də evimdir!” təlim proqramı təşkil olunacaq.
Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü il kiçik qrant müsabiqəsi çərçivəsində qalib olub və sentyabrın 1-dən oktyabrın 30-dək davam edəcək.


