Logo

Şəkidə “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib

20.10.2023 16:30 151 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü bildirib ki, 1991-ci ildə ölkənin daxilində və xaricində baş verən acınacaqlı, mürəkkəb durumu nəzərdən keçirən, dərk edən ziyalılarımız Ümummilli Lider Heydər Əliyevə üz tutmuş, xalqımız çox müdrik və tarixi bir seçim edərək Ulu Öndəri ölkənin Prezidenti seçmişdir.

Yusif Şükürlü görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib. Vurğulayıb ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycanda siyasi böhrana son qoyuldu, vətəndaş qarşıdurmasının qarşısı alındı, iqtisadi və siyasi sabitlik təmin olundu.

Direktor bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu Öndərin ideyalarının dayandığını söyləyib, Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin ölkəmizə daha böyük nailiyyətlər qazandıracağını vurğulayıb.

Daha sonra Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, professor Firədun İbrahimov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. Bildirib ki, Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Mərkəzin Landşaftşünaslıq şöbəsinin elmi işçisi Murad Qəhrəmanov “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın hərtərəfli tərəqqisi, xalqımızın milli, mədəni, tarixi ənənələri, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılması kimi taleyüklü məsələlərdən danışıb, xalqımızın qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığını bildirib.

Tarix, arxeologiya və epiqrafika şöbəsinin kiçik elmi işçisi Aygül Xəlilova isə tədbirdə “Heydər Əliyevin ideyaları işıqlı gələcəyimizin təminatıdır” mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin yalnız öz dövründə deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, uzaqgörən dövlət xadimi, gələcəyi yaradan, sabaha doğru yol açan fenomenal şəxsiyyət, mütəfəkkir olduğunu vurğulayıb.

Xəbər lenti