Logo

LDU-da elmi-praktiki konfrans və milli mətbəx festivalı keçirilib - FOTO

18.10.2023 10:57 143 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) “Azərbaycan mətbəxi türk mətbəx mədəniyyətinin təcəssümü kimi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

LDU, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən elmi- praktiki konfransı rektor professor  Natiq İbrahimov açıb. Rektor konfransın olduqca maraqlı mövzuya həsr olunduğunu bildirib, milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan mətbəx mədəniyyətinin öyrənilməsində, təbliğində əhəmiyyətli addım kimi dəyərləndirib, LDU-da bu istiqamətdə görülən işlərdən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Türk Dövlətlərinin Mətbəx Mədəniyyəti Elm və Sənətlər Birliyinin (TDMMESB) prezidenti tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov konfransda geniş məruzə edib. Məruzəçi bildirib ki, tədbir 20 Oktyabr Beynəlxalq Kulinariya Gününə və Azərbaycan xalqının böyük Zəfərinə həsr edilib:”2021-ci il Dünya Şəhərlər Günü münasibətilə UNESCO- nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhərinin “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olması buranın zəngin mətbəx mədəniyyətindən xəbər verir”. T.Əmiraslanov deyib  ki, bölgə mətbəxindən çıxış etməklə zəngin Azərbaycan mətbəxini dünyaya tanıtdırmaq vacib məsələlərdən biridir və bu, bədnam qonşularımızın milli yeməklərimizi özününküləri kimi təqdim etmələrinin qarşısını alır. Məruzədə bu istiqamətdə görülmüş işlərdən və həllini gözləyən məsələlərdən ətraflı bəhs edilib.

Lənkəran Dövlət Universitetinin rektor müşaviri Mikayıl Məhərrəmovun məruzəsində Azərbaycan və türk milli mətbəxlərinin inkişaf tarixi, özəl cəhətləri, xüsusiyyətləri, dünya mətbəx mədəniyyətində yeri və s. barədə ətraflı söz açılıb. Bildirilib ki, Azərbaycanın milli mətbəx mədəniyyəti əsrlər boyu inkişaf edərək bu günümüzədək gəlib çatan, xalqımızın kimliyini, qonaqpərvərliyini, səxavətini, mədəniyyətini, yüksək mənəvi keyfiyyətini əks etdirən və nəsildən-nəsilə ötürülən zəngin xəzinədir:”Azərbaycan milli mədəniyyətinin tərkib hissəsi olan Lənkəran mətbəxi özünəməxsus zəngin çeşidi ilə məşhurdur. Lənkəran mətbəxinin formalaşdığı tarixi inkişaf yolu, onun formalaşmasına təsir edən tarixi-coğrafi amillərin elmi baxımdan tədqiq edilməsinə və tarixi mənbələrin yenidən araşdırılmasına ehtiyac vardır. Regionda ərzaq və qida təhlükəsizliyinin təmin olunması üçün yüksək ixtisaslı kadrların hazırlanması vəzifəsinin öhdəsindən Lənkəran Dövlət Universiteti layiqincə gəlir”.

Məruzələr ətrafında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının ictimai- siyasi və humanitar məsələlər üzrə müavini Ülviyyə Əliyeva, Lənkəran- Astara Regional Mədəniyyət idarəsinin rəisi iqtisad üzrə fəlsəfə doktoru Bəxtiyar Qılıncov, tarix elmləri doktoru, professor Abbas Seyidovun çıxışları dinlənilib. 

Xəbər lenti