Logo

Altı dövlət orqanında daxili müsahibə elanı verilib

10.10.2023 17:22 225 baxış
IMG

Oktyabrın 10-dan 6 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsidir. Ümumilikdə isə Dövlət Statistika Komitəsində 8, Energetika Nazirliyində 8, Qida Təhlükəsizliyi Agentliyində 2, Kənd Təsərrüfatı Nazirliyində 1, Maliyyə Nazirliyində 1, Əqli Mülkiyyət Agentliyində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyaya aid şəxslər iştirak hüququna malikdir:

• Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

• Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

• 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 10-dan 24-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti