Logo

DİM-də coğrafiya və riyaziyyat fənləri üzrə sınaq imtahanı materialları müzakirə edilib

06.10.2023 17:34 175 baxış
IMG

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının ilk iclasları keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, iclaslarda imtahan proqramları və imtahan modellərinə uyğun sınaq imtahanı üçün materiallar müzakirə edilib.

Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edərək, buraxılış və qəbul imtahanları proqramlarının sentyabr ayında DİM-in saytında yerləşdirildiyini bildirib. Beləliklə, abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu, ədəbiyyat siyahısı və dərsliklərlə bağlı materiallarla tanış ola bilərlər.

Daha sonra iclaslarda sınaq imtahanı üçün hazırlanmış tapşırıqların müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.

Müzakirələr nəticəsində coğrafiya fənnindən qəbul imtahanı modelinə uyğun qapalı, cavabı kodlaşdırıla bilən və cavabı yazı ilə ifadə olunan bir neçə tapşırıq qəbul edilib. Riyaziyyat fənnindən isə ümumi orta (9 illik) təhsil bazasından sınaq imtahanı üçün variant formalaşdırılıb.

İşçi qruplarının növbəti iclası oktyabrın 13-də olacaq.

Xəbər lenti