Logo

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

04.10.2023 10:42 225 baxış
IMG

Macarıstan hökuməti dünyanın hər yerindən ən yaxşı tələbələri cəlb etmək məqsədilə 2013-cü ildə “Stipendium Hungaricum” təqaüd proqramını təsis edərək ölkə universitetlərində bütün təhsil pillələri üzrə müxtəlif sahələri əhatə edən yüksəkkeyfiyyətli təhsil təqdim edir.

Tehsil.biz xəbər verir ki, cari il sözügedən təqaüd proqramının təsis olunmasından 10 il keçir. Məhz bu münasibətlə Macarıstanın “Tempus” Fondu, Macarıstanın Azərbaycandakı səfirliyi, ölkəmizin Elm və Təhsil Nazirliyi, habelə “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Stipendim Hungaricum in Azerbaijan” layihəsi təsis edilib.

2023/2024-cü tədris ilində ümumilikdə bu ölkənin 28 ali təhsil müəssisəsində akademik proqramlar üzrə təqaüd proqramı təqdim edilir. Sözügedən proqram təqaüd sahiblərinə ingilis dili ilə yanaşı, macardilli kurs və proqramlara müraciət etmək imkanı verir. Təqaüd proqramı tələbələrə akademik və peşəkar şəkildə inkişaf etmək, habelə şəbəkələşmə kimi geniş imkanlar yaradır. Tələbələr Avropanın mərkəzində yüksəkkeyfiyyətli təhsil aldıqları müddətdə Macarıstanın zəngin mədəni-tarixi iris ilə tanış ola bilərlər.

Layihənin əsas məqsədi bölgələrdə yaşayan gənclərin “Stipendim Hungaricum” təqaüd proqramı haqqında məlumatlandırılması, Macarıstanda təhsil imkanları ilə yaxından tanış olması, həmçinin təhsilli və yüksək intellektual bacarığa sahib fərdlərə çevrilməsinin stimullaşdırılması və insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universitetinin tələbələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti