Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan ədəbiyyatında ulduzlu səma” mövzusunda elmi seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunub. Elmi sessiyada muzeyin baş direktoru, akademik Rafael Hüseynov mövzu üzrə məruzə edib.
Alim klassik Azərbaycan şairlərinin, xüsusilə Nizaminin, Füzulinin, Abbasqulu Ağa Bakıxanovun əsərlərində Ayın, ulduzlu səmanın təsviri barədə danışıb.
Akademik R.Hüseynov görkəmli mütəfəkkir, alim Nəsrəddin Tusinin astronomiya elminin inkişafında müstəsna rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, xüsusilə XII-XIII əsrlərdə Azərbaycanda astronomiya elminə maraq daha da artmağa başlayıb. Şairlərimiz və alimlərimiz öz əsərlərində astronomiya, ulduzlu səma haqqında fikir və düşüncələrini ifadə ediblər. Bu baxımdan Nizaminin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, Abbasqulu Ağa Bakıxanovun “Əsrarül məlakut” və digər şairlərin müxtəlif əsərlərində astronomiya elminə münasibət, ulduzlu səmanın təsviri diqqəti cəlb edir.
Sonra iştirakçıların sualları cavablandırılıb.