Sentyabrın 20-dən 29-dək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rektorun fakültələr üzrə silsilə görüşləri keçirilib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Görüşdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, prorektorlar, fakültə dekanları və əməkdaşlar iştirak edib.
Görüşlərdə dosent Vazeh Əskərov 2023-2024-cü tədris ilində qarşıda duran məsələlərdən, yeni hədəflərdən, həmçinin tədris və imtahan prosesinin təşkilindən danışıb. O, tədrisin keyfiyyətinin artırlması istiqamətində görülən işlərin gücləndirilməsi, elmi məqalələrin optimallaşdırılması, fakültələr üzrə tədrisə müasir yanaşmaların tətbiq olunması, laboratoriyaların maddi-texniki bazasının təkmilləşdirilməsi və bir sıra bu kimi məsələlərdə yeniliklərin vacibliyini qeyd edib.
Görüşlərdə həmçinin, fakültə əməkdaşlarının rəy və təklifləri dinlənilib, tədrisin təkmilləşdirilməsi və yeniliklərin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Fakültələrlə görüşlərdə dosent Vazeh Əskərov qarşıda duran əsas hədəfləri qeyd edərək tapşırıq və tövsiyələrini verib.