Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan məktəb psixoloqlarının illik metodik toplantısı keçirilib.
BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, metodik toplantıda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva 2023-2024-cü tədris ilində qarşıda duran hədəflər, məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasında psixoloqların rolu, həmçinin uşaqların müdafiəsi və təhlükəsizliyi mövzusunda çıxış edib.
TDM-in Psixoloji xidmətin təşkili bölməsinin rəhbəri Səidə Əhmədova məktəb psixoloqunun işinin səmərəli təşkili və illik fəaliyyətlərin planlaşdırılması ilə bağlı ətraflı məlumat verib.
Daha sonra görüşdə TDM-in əməkdaşları Aysel Novruzova və Esmira Kazımova məktəb psixoloqlarına təlimdə geri qalan şagirdlərlə işin təşkili və nitqin psixi funksiyalara təsiri mövzusunda müvafiq tövsiyələr veriblər.
Metodik toplantıda Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı Rövşanə Qənbərova “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq” mövzusunda məşğələlərin təşkili ilə bağlı təlimatları məktəb psixoloqlarının diqqətinə çatdırıb.
Sonda məktəb psixoloqlarını maraqlandıran suallara aydınlıq gətirilib.