Məktəbdənkənar təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini anmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olub.
Tədbirlər çərçivəsində müəssisələrin pedaqoji və şagird kollektivlərinin Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkına ziyarətləri təşkil olunub. Ziyarətlər zamanı şagirdlərə maarifləndirici məlumatlar verilib, 44 günlük zəfər yolundan bəhs edilib.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərində atletika, sərbəst güləş, şahmat, stolüstü tennis, futbol və dama idman növləri üzrə Anım Günü ilə bağlı yarışlar keçirilib, “dəyirmi masa”lar təşkil olunub, dərslərin 15 dəqiqəsi şəhidlərin anılmasına həsr olunub.
Uşaq-gənclər inkişaf mərkəzlərində “Vətən müharibəsi xatirələrdə”, "Zəfərə aparan tarix", “Şəhidlər unudulmur”, "Qəhrəman şəhid", "Misilsiz cəsarət", “Şəhidlər ölməz”, “Zəfər şəhidləri”, "Ölümsüzlük qazanan qəhrəmanlar", "Milli qürur tariximiz", “Tarixi unutmayaq” adlı “dəyirmi masa”lar, “açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri keçirilib.
Tədbirlərdə 44 günlük Vətən müharibəsinin qəhrəmanları və şəhidlərin ailə üzvləri iştirak ediblər.