Logo

Milli Kitabxanada Anım Gününə həsr edilən tədbir keçirilib

27.09.2023 22:09 175 baxış
IMG

Azərbaycan Milli Kitabxanasında “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov üç il əvvəl sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın ayağa qalxaraq, canı, qanı bahasına torpaqlarımız uğrunda gedən haqq mübarizəsindən danışıb.

Natiq öz çıxışında bir neçə gün əvvəl Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən və əldə edilən möhtəşəm qələbədən söz açıb. O, Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də öz haqq işi uğrunda silaha sarıldığını, qəhrəman Azərbaycan oğullarının 30 il işğal altında qalan torpaqlarımızı azad etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Azərbaycan əsgərinin düşməndən fərqli olaraq, dinc əhaliyə qarşı humanist davrandığını, tezliklə hadisələrin bitəcəyini, xalqımızın sülh şəraitində yenidən oradakı həyatı bərpa edəcəyini söyləyib.

Direktor, eyni zamanda, yaxın günlərdə baş tutan İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclasında 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söyləyib. Həmçinin İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif etdiyini və təklifin dəstəklənərək qəbul olunduğunu diqqətə çatdırıb.

Kərim Tahirov çıxışında 44 günlük müharibədə savaşımızda çoxsaylı şəhidlər verildiyini, bu günümüzə görə onlara borclu olduğumuzu, yüz illər keçsə də, Azərbaycan xalqının heç vaxt öz şəhidlərini unutmayacağını, onların xatirələrinin ehtiramla yad ediləcəyini, onlar haqqında yazılan kitabları təbliğ etməyin Milli Kitabxananın vəzifəsi olduğunu söyləyib.

Çıxışının sonunda direktor bildirib ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Sonda iştirakçılar Anım Günü ilə bağlı kitab sərgisi ilə tanış olublar.

Xəbər lenti