Logo

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər - FOTO

27.09.2023 14:47 123 baxış
IMG

Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri Tofiq Babayev və şöbənin əməkdaşı Xalidə Məlikova Gürcüstanın Kutaisi şəhərində keçirilən “Transport Bridge Europe-Asia” adlı 7-ci Polşa-Gürcüstan Beynəlxalq Elmi-Texniki Konfransında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

T.Babayev açılış mərasimində çıxış edərək konfransın təşkilatçısı olan Akaki Tsereteli Universitetinin rəhbərliyinə və təşkilat komitəsinə minnətdarlığını bildirib, universitetin 90 illik yubileyi ilə əlaqədar iştirakçıları təbrik edib. Alim bu ilin may ayında Azərbaycanda keçirilmiş “Şərq-Qərb Nəqliyyat Dəhlizində logistika, idarəetmə və istismar problemləri üzrə 2-ci beynəlxalq konfrans” (PLMO 2023) barədə tədbir iştirakçılarına məlumat verib.

Konfransda T.Babayev “Avrasiya ölkələrində rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasının əsas prinsipləri və layihənin təhlili” mövzusunda, X.Məlikova isə “Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədqiqat proqramlarına ön portal olan COST proqramı” adlı təqdimatlar ediblər.

Səfər çərçivəsində İSİ əməkdaşları müxtəlif ölkələrin, o cümlədən Polşa, Litva, Macarıstan, Özbəkistan və Gürcüstan alimləri ilə görüşlər keçirib və əməkdaşlıq əlaqələri barədə danışıqlar aparıblar. Görüşlərdə Özbəkistanın Dövlət Nəqliyyat Universitetinin professorları Rüstəm Rəhimov və Yadqor Ruzmetov ilə dəmir yolunda qatarların hərəkəti zamanı yatağın texniki vəziyyətinin monitorinqi mövzusunda birgə elmi-tədqiqat işləri aparmaq üçün ilkin razılıq əldə edilib.

Xəbər lenti