Logo

Turizm və Menecment Universitetində Anım Günü qeyd olunub

27.09.2023 14:02 209 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 27 Sentyabr - Anım Günü qeyd olunub.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra ATMU-nun rektoru İlham Mədətov erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsinin başlandığını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın böyük əzm, iradə və həmrəylik nümayiş etdirdiyini faktlarla diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında beli qırılan məkrli düşmən təxribatlara əl atdı, mülki insanları hədəf aldı.

Rektor İ.Mədətov II Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərədək hərbi qulluqçusunun həlak olduğunu, onlarla igid oğullarımızın itkin düşdüyünü, min nəfərdən artıq hərbi qulluqçumuzun isə yaralanıb, sağlamlığını itirdiyini ürək ağrısı ilə qeyd edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən xarici və daxili siyasəti, əsgər və zabitlərimizin rəşadəti sayəsində, şəhid və qazilərimizin qanı və canı bahasına Vətən torpaqlarımız işğaldan azad edilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov gənclərimizin 30 illik Vətən həsrətinə 44 gün ərzində son qoyduğunu qürurla qeyd edib. “Heç bir müharibə itkisiz deyildir, lakin bu gün igid oğullarımız, Vətən uğrunda canından keçən, unutmağa, unutdurmağa haqqımız olmayan şəhidlərimiz sayəsində Azərbaycan xalqı Qələbə sevincinin nə olduğunu gördü və yaşadı”, - deyən M.Muradov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

ATMU-nun məzunu Anar Mahmudov 44 günlük döyüş yolundan söz açıb, Vətən naminə lazım gələrsə canından keçməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ATMU-nun Biznes idarəçiliyi fakültəsinin menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə 2020-ci il noyabrın 6-da Xocavənd rayonunda gedən qanlı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Yasin Səməndərov isə II Qarabağ müharibəsi qazisidir. Ümumiyyətlə, ATMU-nun 60 nəfərdən artıq tələbə və məzunu döyüş əməliyyatlarında misilsiz qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

Tədbirin sonunda iştirakçılar şəhidlərimizin əziz xatirəsini daim minnətdarlıqla yad edəcəklərini bildiriblər.

Xəbər lenti