Logo

UNEC rektoru Ege Universiteti ilə ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşüb

26.09.2023 16:40 211 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türkiyənin Ege Universiteti ilə ikili diplom proqramında təhsil alan UNEC tələbələrilə görüşüb.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının ilk tələbələrini təbrik edən rektor onlara təhsillərində uğurlar arzulayıb. Ə.Muradov qida mühəndisliyi ixtisasının önəminə diqqət çəkərək, ölkədə bu sahə üzrə kadr çatışmazlığının olduğunu vurğulayıb. Proqram üzrə təhsil alan 19 tələbənin UNEC-də və Ege Universitetində qida mühəndisliyi ixtisası üzrə yetərincə bilik və bacarıqlara yiyələnəcəyindən əminliyini ifadə edən rektor, ikili diplom proqramının bu istiqamətdə mühüm rol oynayacağını qeyd edib. Ə.Muradov UNEC-də beynəlxalq standartlara uyğun, müasir texnoloji avadanlıqla zəngin Əziz Səncər adına Qida laboratoriyasının fəaliyyət göstərdiyini, həmin laboratoriyada tələbələrin praktiki bilik və bacarıqlara yiyələnmələri üçün bütün imkanların yaradıldığını deyib.

Bildirilib ki, tələbələr I və IV kursda UNEC-də, II və III kursda isə ixtisas fənlərini daha dərindən mənimsəmələri üçün Ege Universitetində təhsil alacaqlar. Sonda proqramı uğurla bitirən məzunlar hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.

Görüşdə tələbələrin sualları cavablandırılıb. Rektor tələbələrə universitetdə onlar üçün yaradılan bütün imkanlardan maksimum dərəcədə yararlanmağı, ixtisasları üzrə peşəkar mütəxəssis kimi yetişməyi tövsiyə edib.

Xəbər lenti