Logo

Botanika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnallarda çap olunub

26.09.2023 14:55 197 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşlarının mühüm elmi nəticələrinin əks olunduğu məqalələr “Thomson Reuters”, “Web of Science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan tanınmış beynəlxalq jurnallarda nəşr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, cari ildə Etnobotanika şöbəsinin müdiri b.e.d, professor Səyyarə İbadullayeva və aparıcı elmi işçi b.ü.f.d., dosent Nuri Mövsümovanın Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının professorları, b.e.d. Emma Ağayeva, b.e.d. Nigar Ağayeva və başqalarının həmmüəllifi olduğu “Quşçuluqda bitki tərkibli immunostimulyatorların öyrənilməsinin effektivliyi” adlı məqalə “Elsevier” nəşriyyatının, “Thomson Reuters” bazasına daxil olan “Scholars Bulletin” jurnalında nəşr olunub. Məqalə bitki mənşəli (Tilia cordata Mill., Thymus kotschyanus Boiss və Hohen., Matricaria chamomilla L.) Imuneo və Hedalin preparatının ev quşlarının yoluxucu bronxitinə qarşı peyvənd olunmuş toyuqlarda immunitetin parametrlərinə təsirinin öyrənilməsi və immunostimulyator effektivliyinin qiymətləndirilməsindən bəhs edir.

Professor S.İbadullayeva və aparıcı elmi işçi Elman Yusifovun həmmüəllifi olduğu digər çap işi “Biodiversity Journal” da (“Web of Science”) nəşr olunan “Şahdağ Milli Parkının (Azərbaycan) xüsusi statuslu nadir və nəsli kəsilməkdə olan növləri” adlı məqalədir. Məqalədə Böyük Qafqazda Şahdağ Milli Parkının (Azərbaycan sərhədləri daxilində) bitki örtüyündə rast gəlinən endemik, relikt və nadir növlərin mövcud vəziyyətinin araşdırılması öz əksini tapıb.

Biologiya üzrə fəlsəfə doktoru Elvin Kərimli, biologiya elmləri doktorları Səyyarə İbadullayeva və Adilə Ələsgərovanın həmmüəllifliyi ilə “Azərbaycan Respublikasında yetişən Ferula persica (Apiaceae) köklərində Badrakemin və osthole” adlı məqaləsi yüksək impakt faktorlu “Растительные ресурсы” jurnalında dərc olunub. Aparılan araşdırmaların nəticəsinə əsasən Ferula L. cinsin dünyada 130, Qafqazda 10, Azərbaycanda isə 8 növünün yayıldığı müəyyən olunub. Cinsin Azərbaycanda yayılmış növlərindən biri də Ferula persica Wild. növüdür. Bu növün Azərbaycanda yayılma əraziləri Qobustan rayonu Cəngi, Ceyrankeçməz, Siyəzən rayonun Beşbarmaq, Abşeron rayonun Pirəkəşgül əraziləri müəyyən edilib.

Xəbər lenti