Logo

“Heydər Əliyev İli” çərçivəsində Cənubi Meyn Universitetində konfrans təşkil edilib - FOTO

26.09.2023 10:20 219 baxış
IMG

ABŞ-ın Portland şəhərində yerləşən Cənubi Meyn Universitetində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xəzər dəhlizi: Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə töhfəsi” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə baş tutan konfransda Türkiyə, Ukrayna, Albaniya, Rusiya, Əfqanistan, İran, İraq və digər ölkələrin icmalarını təmsil edən nümayəndələr, eləcə də yəhudi cəmiyyətinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Meyn Azərbaycan Cəmiyyətinin sədri Tərlan Əhmədov görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycanın müstəqilliyinin bərqərar olunması və möhkəmləndrilməsi naminə həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. Azərbaycan Prezidenti vəzifəsində çalışarkən onun 2000-ci ilin sentyabrında ABŞ-a səfəri çərçivəsində Meyn ştatını ziyarət etdiyini xatırladıb.

Tədbir dahi şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən videocarxın nümayişi ilə davam edib.

Sonra Şimali Karolina Universitetinin Sülh və Münaqişələr Departamentinin dosenti Əli Əsgərov məruzəçi qismində çıxış edib. Azərbaycanı Qafqazın Amerikası adlandıran alim müstəqil Azərbaycan dövlətinin enerji təhlükəsizliyi siyasətinin, “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının təməlinin qoyulmasında Heydər Əliyevin müstəsna və əvəzolunmaz rolunu nəzərə çatdırıb. Məhz bu siyasətin nəticəsində Xəzər dəhlizinin dünyada ən sürətlə inkişaf edən iqtsadi zonalardan birinə çevrildiyi, gerçəkləşdirilən irimiqyaslı layihələrin Azərbaycanın və regionun inkişafına töhfələr verdiyi vurğulanıb.

Konfransın rəsmi hissəsi azərbaycanlı alimin tədbir iştirakçılarının suallarını cavablandırması ilə yekunlaşıb.

Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti Emil Əfrasiyabın ifasında konsert proqramı təqdim olunub.

Konfrans çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycanın mədəni irsini əks etdirən sərgi nümayiş etdirilib. Qonaqlara xalqımızın ümummilli liderinin həyat və yaradıcılığından bəhs edən kitab paylanıb.

Xəbər lenti