Bakı Ali Neft Məktəbinin müəllimi, SOCAR-ın Neft və qaz yataqlarının işlənməsi şöbəsinin rəis müavini, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov “Cənubi Xəzər Çökəkliyi timsalında Hövzənin aktivlik modeli” adlı elmi-tədqiqat işi ilə “Elmi perspektiv -2023” müsabiqəsində “Qeyri-ənənəvi elmi yanaşma” nominasiyası üzrə II yerə layiq görülüb.
Tehsil.biz xəbər verir ki, Rusiya Elm və Təhsil Nazirliyi, Kazan Federal Universitetinin dəstəyi ilə Rusiya Elm və Yaradıcılıq Cəmiyyətinin alim və mütəxəssislər üçün keçirdiyi müsabiqədə 110 nəfəri müxtəlif ölkələrdən olmaqla, ümumilikdə 248 alim və mütəxəssis iştirak edib.
Elvin Əhmədovun təqdim etdiyi tədqiqat karbohidrogen ehtiyatlarının həcminə görə Azərbaycanın ən böyük neftli-qazlı hövzəsinin - Cənubi Xəzər Çökəkliyinin (CXÇ) hidrodinamik aktivlik xüsusiyyətlərinin tədqiqi, yataqların modellərinin təkmilləşdirilməsi, səmərəli işlənmə ssenarilərinin tərtibi, sahənin ehtiyat və resurslarının daha dəqiq proqnozlaşdırılması və nəticədə ərazinin su hövzəsinin işlək aktivlik modelinin tərtib olunmasını nəzərdə tutur.
Qeyd edək ki, Elvin Əhmədov 2015 və 2020-ci illərdə də Rusiya Elm və Yaradıcılıq Cəmiyyətinin təşkil etdiyi elmi müsabiqələrdə müvafiq olaraq III və II yerlərin sahibi olub. Qeyd olunan müsabiqənin əsas əhəmiyyəti onun bütün dünya ölkələrindəki alimlərin elmi işlərinin və inkişaf modeli haqqında düşüncələrinin bir araya gətirilməsi və birgə müzakirəsidir.