Logo

ABŞ-dəkı “A-Level Minds” Təhsil Mərkəzi ölkəmizə dəstəyini bildirib - FOTO

21.09.2023 20:57 144 baxış
IMG

ABŞ-də fəaliyyət göstərən “A-Level Minds” Təhsil Mərkəzi və “A-Level Qlobal Təhsil” təşkilatı ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Mərkəz adından BMT-nin müvafiq strukturlarına, Avropa Parlamentinin ABŞ ofisinə, Nyu-York ştatı Assambleyasına, Nyu-York qubernatoruna, Beynəlxalq Sülh İnstitutuna, “Human Rights Watch” və digər təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri Azərbaycan əsilli amerikalıları dərindən narahat edib.

Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.

Mərkəz beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.

Xəbər lenti