İspaniyanın Madrid Texniki Universitetinin professoru Jorge Servert Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
Tehsil.biz xəbər verir ki, qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.
Madrid Texniki Universiteti və AzTU arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışan qonaq bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Rektor Vilayət Vəliyev tədris və tədqiqat sahəsində universitetlər arasındakı əməkdaşlıqla yanaşı, yaşıl enerji texnologiyalar, informasiya texnologiyaları və sənaye elektronikası kimi sahələrdə müəllim və tələbə müdbadiləsinin aparılması, birgə layihələrin icrası və tədbirlərin keçirilməsinin də əhəmiyyətli olduğunu bildirib. Görüş zamanı müvafiq sahələrdə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları barədə də fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, ötən tədris ilində AzTU-nun magistrantları Madrid Texniki Universitetində dissertasiya mövzuları üzrə tədqiqat aparıblar.