Bakı Dövlət Universiteti (BDU) Strateji İnkişaf Planının fəaliyyət istiqamətlərinə uyğun olaraq tədrisdə keyfiyyətin artırılması, akademik heyətin potensialının üzə çıxarılması, yeni nəslin tədris və təlim proseslərinə cəlb olunması, onların qabaqcıl elmi-metodik üsulları mənimsəməsi ilə əlaqədar təkmilləşdirmə kursları təşkil edib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, akademik heyətin pedaqoji və texniki bacarıqlarının artırılması üçün təşkil olunan kurslarda BDU-nun 65 əməkdaşı iştirak edib. Təlimlər pedaqogika və milli mənəvi dəyərlərə əsaslanan müasir təlim metodları, pedaqoji və tətbiqi psixologiya, informasiya və kommunikasiya texnologiyaları olmaqla 3 istiqamət üzrə aparılıb.
Təlimlər nəticəsi olaraq təkmilləşmə kurslarında iştirak edən dinləyicilər arasında məmnunluq sorğusu keçirilib və kursu uğurla tamamlayan professor-müəllim heyəti sertifikatlarla təltif olunub.