Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına aid müxtəlif eksponatlar qorunur.
Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.
Bildirilib ki, həmin eksponatlar arasında müxtəlif illərdə səhnəyə qoyulmuş tamaşaların proqramları, Gənc Tamaşaçılar Teatrının 25 illiyi münasibətilə çəkilmiş fotovinyet (1954-cü il) və “Bakinski raboçi” qəzetinin 54-cü sayında yer almış “Ümumittifaq festivalın laureatı Gənc Tamaşaçılar Teatrı” adlı məqalə (1958-ci il 5 mart) də yer alır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasından 95 il ötür. Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il tarixli qərarı ilə Bakı Uşaq Teatrı rəsmi olaraq fəaliyyətə başlayıb, 1936-cı ildən etibarən isə həmin teatr “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı” adlandırılıb. Teatr milli mədəniyyətimizin inkişafında mühüm rol oynayıb.