Bakı Dövlət Universitetinin (BDU) Kimya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əliyevanın anadan olmasının 91 illiyi ilə əlaqədar Fəxri xiyabanda onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib
Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik olan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər BDU-nun Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.
Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi BDU-da həmişə ehtiramla yad edilir. Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.