Logo

Azərbaycan alimi beynəlxalq konfransda biometrik texnologiyaların əhəmiyyətindən danışıb

19.09.2023 23:00 203 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Raspoznavaniye -2023) XVII beynəlxalq elmi-texniki konfransında “İnsanın tanınmasında biometrik şəbəkələrin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Ş.Mahmudova biometrik şəbəkə, onun problemləri və identifikasiyası haqqında məlumat verib. Bildirib ki, biometrik şəbəkə sistemi videokameralar vasitəsilə avtomatik rejimdə üz təsvirlərini tapır, kodlaşdırır və verilənlər bazasında mövcud olan təsvirlərdən istifadə edərək onları müəyyən edir. Burada əsas məqsəd inteqrasiya edilmiş və ya paylanmış biometrik məlumat bazasının birgə istifadəsidir. Bu səbəbdən istifadə olunan məlumatların beynəlxalq keyfiyyət standartlarına uyğun olması vacib şərtlərdəndir.

Ş.Mahmudova onu da qeyd edib ki, dünyada artan terror təhlükəsi təhlükəsizlik sistemlərini təkmilləşdirmək üçün biometrik identifikasiya sistemlərinin yaradılmasını zəruri edib. Biometrik texnologiyalar hüquq-mühafizə və dövlət təhlükəsizliyi sistemi, həmçinin ölkənin müdafiə təminatı ilə bağlı məsələlərin həlli üçün əhəmiyyətlidir.

Alim məruzəsində müvafiq sahə üzrə bəzi təklif və tövsiyələri də diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiyanın Kursk şəhərində keçirilmiş beynəlxalq elmi-texniki konfransın həmtəşkilatçılarından biri də İnformasiya Texnologiyaları İnstitutudur.

Xəbər lenti