AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Milli Musiqi Günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin əlyazmaları və musiqi əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Tədbirdə institutun baş direktoru akademik Teymur Kərimli Azərbaycan mədəniyyəti tarixinə milli opera sənətinin banisi kimi daxil olmuş Üzeyir Hacıbəylinin yaratdığı musiqi incilərindən, onun milli musiqi mədəniyyətimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün adını çox iftixarla yad etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf istiqamətinin və milli peşəkar bəstəkarlıq məktəbinin özülünü qoymaqla Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.
Digər çıxış edənlər də görkəmli bəstəkar Üzeyir Hacıbəylinin zəngin ədəbi irsindən bəhs edib, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin bu unudulmaz şəxsiyyətə məxsus olduğunu vurğulayıblar. Çıxışçılar onun şəxsi arxivində qorunan nadir sənədlər haqqında da məlumat verib, onun həyat və yaradıcılığının daha dərindən öyrənilməsi üçün bu nadir xəzinənin misilsiz əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgi ilə tanış olublar. Şöbənin böyük elmi işçisi Sevinc Dadaşova tamaşaçılara sərgi haqqında məlumat verib.