Logo

“Üzeyir Hacıbəyli və Cavidlər ailəsi” mövzusunda tədbir keçirilib

18.09.2023 22:36 178 baxış
IMG

18 sentyabr musiqi mədəniyyətinə böyük töhfələr vermiş, Azərbaycan musiqisini zirvələrə yüksəltmiş, opera sənətinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Üzeyir musiqi gününün keçirilməsi haqqında” Fərmanına əsasən, bu gün bütün ölkəmizdə olduğu kimi Hüseyn Cavidin Ev Muzeyində də xüsusi qeyd olunub.

Muzeydən "Tehsil.biz"ə bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr 2023-cü il tarixlərində baş tutacaq XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində “Üzeyir Hacıbəyli və Cavidlər ailəsi” mövzusunda tədbir keçirilib.

Tədbiri açan muzeyin direktoru, f.e.d. Gülbəniz Babaxanlı dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı roluna toxunub, Üzeyir bəy və Ərtoğrol Cavidin birgə fəaliyyəti haqqında ətraflı məlumat verib.

Alim bildirib ki, Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra, Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs alıb, özünü çox istedadlı və bacarıqlı tələbə kimi göstərib. Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində çalışaraq musiqi folklor nümunələrinin toplanması, nota salınması işi ilə məşğul olub və qısa zamanda Üzeyir bəyin çox sevdiyi tələbələrdən birinə çevrilib.

Muzeyin ekspozisiya otağında sərgilənən Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə ünvanladığı məktubları xüsusi vurğulayan natiq bu materialların onların səmimi müəllim-tələbə münasibətinin aynası olduğunu bildirib. G.Babaxanlı qeyd edib ki, Azərbaycanın, milli mədəniyyətimizin gələcəyini daima düşünən Üzeyir Hacıbəylinin Cavid əfəndinin istedadlı oğluna xüsusi rəğbəti vardı, ona ümidləri hədsiz idi. Onun bəstələrinə baxanda fərəh hissi keçirirdi. Gələcəkdə böyük bəstəkar kimi şöhrət qazanacağına inanırdı. Ü.Hacıbəylinin bəstəkarlıq sinfində təhsil alan Ə.Cavid də öz növbəsində sənətinə və şəxsiyyətinə pərəstiş etdiyi sevimli müəlliminə fortepiano üçün bəstələdiyi “9 variasiya” əsərini ithaf edib.

Ə.Cavidin Böyük Vətən müharibəsi illərində əsgərlikdən müəlliminə yazdığı məktubları oxuduqca Üzeyir bəyin repressiyaya məruz qalmış Hüseyn Cavid ailəsinə qarşı qayğıkeş münasibətinin şahidi oluruq. Bu iki böyük musiqiçinin valideyn-övlad münasibətini muzeyin fondunda mühafizə olunan digər nadir eksponatlar da sübut edir.

Sonra tədbir iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin fondunda qorunan şəxsi arxiv materialları əsasında hazırlanan sərgi ilə tanış olublar. Sərgidə Ərtoğrol Cavidin müəlliminə ünvanlandığı məktublar və onun bəstələrindən ibarət nəşrlər də nümayiş olunub.

Gün boyu muzeyin ekspozisiya zallarında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilər səsləndirilib.

Xəbər lenti