Logo

AzMİU-da Əqli mülkiyyət kafedrasının açılışı olub

18.09.2023 21:33 343 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əqli Mülkiyyət kafedrasının açılışı olub.

Tehsil.biz xəbr verir ki, kafedranın açılışı münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri professor Kamran İmanov, Agentliyin məsul işçiləri, AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və professor-müəllim heyəti iştirak edib.

Tədbirdə İdarə heyətinin sədri professor Kamran İmanov ölkəmizdə elm və təhsil sahəsində dövlətimizin gördüyü işlərdən, bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan bəhs edib. Vurğulanıb ki, Prezident İlham Əliyev təhsil sahəsinə və bu sistemin müasir səviyyədə qurulmasına xüsusi diqqət göstərir.

Agentliyin sədri Əqli Mülkiyyət kafedrasının yaradılmasının AzMİU-da ixtisaslı kadrların yetişməsində önəmli rol oynayacağını bildirib. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün Agentlikdə kafedranın filialının açılmasının məqsədəuyğun olduğunu, tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələrində və karyera qurmalarında faydalı olacağını vurğulayıb.

Tədbirdə qeyd olunub ki, kafedra əqli mülkiyyət sahəsində maarifləndirmə və kadr hazırlığı işində mühüm rol oynayacaq. Dərs deyən müəllimlər sırasında Agentliyin əməkdaşları olacaq ki, bu da tələbələrin biliklərinin birbaşa təcrübədə işləyən peşəkarlardan olmaları üçün əlverişli şəraitin yaranması deməkdir. Fənlər həm bakalavriat, həm də magistratura pilləsində Azərbaycan, rus və ingilis dillərində tədris olunacaq. Diqqətə çatdırılıb ki, artıq BDU-da belə kafedranın açılması və Agentlikdə filialın fəaliyyət göstərməsi uğurlu nəticələrini verməkdədir. BDU-da olan kafedra əsasən hüquqşünaslar üçün nəzərdə tutulub. AzMİU-da isə yaradıcı sahəni əhatə edir. Burada həm müəllif hüquqları sahəsi həmdə sənaye mülkiyyəti əhatə olunur.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova isə çıxışında qeyd edib ki, əvvəllər AzMİU-da birinci prorektor işləyən professor Kamran İmanov həmişə tədrisin təşkilində yenilikçi təklifləri ilə diqqəti cəlb edib. Ona görə də açılışı qeyd edilən kafedra onun rəhbərliyi altında universitetə yeni ruh gətirəcək.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq istehsalatla əlaqələrin gücləndirilməsini müasir dövrün tələblərindən biri kimi dəyərləndirən rektor kafedranın açılışını mühüm hadisə adlandırıb. Tələbələrin tədris prosesində əldə etdikləri nəzəri biliklərini iş prosesində, təcrübədə tətbiq etmələri üçün Agentlikdə kafedranın filialının açılması da tələbələr üçün faydalı olacaq. Gülçöhrə Məmmədova kafedranın yaradılmasında və fəaliyyətinin təşkilində göstərdiyi köməyə görə Agentliyin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra kafedrada yaradılan şəraitlə tanışlıq olub.

Xəbər lenti