Logo

DİM-in keçirdiyi imtahanlarda zal nəzarətçisi olmaq istəyənlərin NƏZƏRİNƏ

18.09.2023 10:17 294 baxış
IMG

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi başlanıb və 1 noyabr 2023-cü il tarixində başa çatacaq.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən iş yeri tələb olunmur), yaşı 22-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün namizədlər aşağıdakı mərhələləri keçməlidirlər:

- Müsahibə və psixometrik ölçmələr;

- Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanı;

- Təlimlər;

- İmtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı.

Namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyatı, sənədlərin qəbulu, müsahibə və psixometrik ölçmədə iştirak etmək üçün ödəniş tələb olunmur. Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün ilkin test imtahanı, təlimlər və imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı isə ödənişli əsaslarla həyata keçirilir.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsinə artıq start verilib və 1 noyabr 2023-cü il tarixində başa çatacaq.

Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Namizədlər ilk olaraq Mərkəzin internet saytında ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradır. Şəxsi kabinetin istifadəçi adı (FİN kod) və parolundan istifadə edərək ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) daxil olub elektron anket formasını doldurur, elektron poçt ünvanının düzgünlüyünü 6 rəqəmli kodu göndərməklə təsdiq edir, zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olur və anketini təsdiq edir.

 

  • Namizədə qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanına müsahibə və psixometrik ölçmələr mərhələsinə qeydiyyatdan keçməklə bağlı bildiriş göndərilir. Elektron anketə daxil olaraq müsahibə tarixi və saatını seçir. Namizəd müsahibəyə gələrkən özü ilə aşağıdakı sənədləri gətirir:
  • Şəxsiyyət vəsiqəsi;
  • Təhsil haqqında sənəd (diplom) ;
  • İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və dövlət qulluğu sertifikatı olan şəxslərdən arayış tələb olunmur. İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbərləri tərəfindən imzalanır);
  • Dövlət qulluğu sertifikatı (namizədlərin dövlət qulluğu sertifikatının olub-olmaması elektron formada Müsahibə Komissiyası tərəfindən yoxlanılır) ;
  • Məhkumluq barədə arayış. 

Müsahibələr Bakı şəhəri və DİM-in regional bölmələrinin yerləşdiyi şəhər və ya rayonlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Şəmkir, Bərdə, Göyçay və Şirvan) keçirilir.

Namizəd müsahibədən dərhal sonra psixometrik test imtahanına cəlb edilir.

Müsahibə və psixometrik ölçmələr mərhələsində namizədin ümumi dünyagörüşü, nitqi, fiziki və psixoloji cəhətdən sağlamlığı, stress vəziyyətində işləmək bacarığı yoxlanılır.

2. Müsahibə və psixometrik testdən uğurla keçən namizədlər ümumi intellekt səviyyəsini yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilir. İlkin test imtahanına qeydiyyatdan keçməklə bağlı bildiriş namizədin elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək istədiyi tarixi və saatı seçir.

Namizəd imtahan günü bildirişdə göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və şəxsiyyət vəsiqəsini gətirməlidir. Test imtahanı elektron formada kompüter vasitəsilə həyata keçirilir və imtahan nəticələrini dərhal müəyyənləşdirmək imkanı verir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahanın müddəti 1 saatdır və ümumi nəticəsi 40% (12 bal) və daha yuxarı olan namizədlər növbəti mərhələyə buraxılır.

3. İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər əyani vəsaitlərlə təmin edilir (zal nəzarətçisi təlimatı, normativ sənədlər və s.) və müəyyən edilmiş qrafikə uyğun olaraq iki günlük təlimə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin elektron poçt ünvanına bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin günü və vaxtını seçir.

İmtahan prosesinin psixoloji xüsusiyyətləri təlimi 1,5 saat müddətində davam edir və aşağıdakı mövzuları əhatə edir:

- İmtahan prosesinə aid stres və təlaş;

- İmtahana cəlb olunan tərəflərin psixoloji portretləri;

- İlkin təəssüratın imtahan gedişatına təsiri;

- İmtahan prosesində ünsiyyət xüsusiyyətləri;

- İmtahana psixoloji hazırlıq.

“DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” təlimi 3 saat müddətində aparılır və aşağıdakı mövzuları əhatə edir:

- DİM-in hüquqi statusu, strukturu və fəaliyyət istiqamətləri;

- DİM tərəfindən keçirilən imtahanlar;

- İmtahanların təşkili və idarə edilməsi;

- Məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi;

- Zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları.

Təlimin sonunda namizədlərə təlimlərdə iştirakla bağlı sertifikat verilir.

4.  Sonda namizədə təlimlər zamanı əldə etdiyi biliklərinin ölçülməsi üçün imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatdan keçməklə bağlı bildiriş göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir.

Namizəd imtahan günü bildirişdə göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli və şəxsiyyət vəsiqəsini gətirməlidir. Test imtahanı elektron formada kompüter vasitəsilə həyata keçirilir. Yekun test imtahanında namizədlərə 30 qapalı tipli test təqdim edilir. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahan müddəti 45 dəqiqədir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanından əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60 %-i toplanır. Yekunda ən az 60%-lik nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

-   90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

-   60% və ondan yüksək, lakin 90%-dən aşağı nəticə göstərdikdə - B kateqoriyası;

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər təlimlərdə iştirak etdikdən sonra A kateqoriyası üzrə zal nəzarətçisi sertifikatı əldə edirlər.

Namizədin nəzarətçi qismində fəaliyyətinin sertifikatlaşdırılması ona zal nəzarətçisi statusunun verilməsi hesab olunur və bu barədə zal nəzarətçilərinin bazasında qeyd aparılır.

Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun gələn Vətən Müharibəsinin iştirakçıları və “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesində nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar. (Təsdiqedici sənədlər müsahibə zamanı namizəd tərəfindən təqdim edilməlidir).

Xəbər lenti