Logo

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib

18.09.2023 09:22 334 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İclası açan Şəki REM-in direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü iştirakçıları Elmi şuranın gündəliyi ilə tanış edib.

Şəki REM-in Elmi şurasının strukturundakı dəyişikliklər haqqında məlumat verən dosent Yusif Şükürlü Mərkəzin elmi katibi Elşən Abdurahmanovun öz ərizəsi ilə tutduğu vəzifədən azad edilməsi barədə müraciət etdiyini bildirib, müraciətlə bağlı müzakirələr aparılıb, E.Abdurahmanovun vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub. Şəki REM-in Ekoloji biofizika şöbəsinin elmi işçisi Vəfa Atayeva elmi katib vəzifəsinə təyin olunub.

Gündəlikdə yer alan növbəti məsələ “Heydər Əliyev İli” çərçivəsində Şəki REM tərəfindən nəşrə hazırlanan “Görkəmli dövlət xadimi Heydər Əliyev və Şəki” kitabının ilkin variantının müzakirəsi ilə bağlı olub.

Bununla bağlı Tarix, arxeologiya və epiqrafika şöbəsinin baş elmi işçisi, p.e.d. professor Firədun İbrahimov çıxış edərək kitabda yer alan fəsil və paraqraflar haqqında məlumat verib. O, istər Çar Rusiyası, istər Sovet hakimiyyəti dönəmində Azərbaycanda ipəkçiliyin prioritet istiqamətlərdən biri olduğunu söyləyib, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövrlərindən ipəkçiliyin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Professor Firədun İbrahimov qeyd edilən bu və ya digər məsələlərin nəşrdə əks olunduğunu diqqətə çatdırıb.

Tədbirdə Elmi-texniki informasiya şöbəsinin baş mütəxəssisi Günel Musayeva və Sənədlərlə iş şöbəsinin müdiri Namiq Abdurahmanov “Şəki fəhləsi”, “İpəkçi” qəzetləri və arxiv materialları əsasında məlumatların əldə olunması, selektiv seçmə və sistemləşdirmə məsələləri ilə bağlı çıxış ediblər.

Günel Musayeva, həmçinin Şəki REM-in 50 illik yubileyi ilə bağlı nəşrə hazırlanan kitablardan bəhs edib. Baş mütəxəssis bildirib ki, bu il ərzində Şəki REM-də 6 kitabın çapı nəzərdə tutulub, bunlardan ikisi artıq çapdan çıxıb, digər 4 kitab isə bu ilin sonunadək nəşr olunacaqdır.

İclasda Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Kamil Adışirinov “Şəki fəhləsi”, İpəkçi” qəzetləri və arxiv materiallarından əldə olunan məlumatların sistemləşdirildiyini, elmi təhlilə cəlb olunduğunu və oktyabr ayının sonuna təhvil veriləcəyini diqqətə çatdırıb.

Daha sonra Mərkəzin Landşaftşünaslıq şöbəsinin rəhbəri, g.ü.f.d. Hüseyn Mustafabəyli “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resurslarının landşaft-dioqnostik xüsusiyyətləri” kitabı haqqında məlumat verib. Bildirib ki, nəşrin yazılmasında bölgələrin iqlim, relyef, hidroloji, torpaq və bitki örtüyünün səciyyəvi xüsusiyyətləri nəzərə alınıb və kitab 2023-cü ilin sonunadək elmi ictimaiyyətə təqdim olunacaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova isə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar sentyabr ayının sonlarında “Heydər Əliyev və “Azərbaycançılıq” ideyalarının daha dərindən öyrənilməsi” mövzusunda tədbirin təşkil ediləcəyini nəzərə çatdırıb, tədbirin təşkili barədə müvafiq qərar qəbul edilib.

Xəbər lenti