Logo

Yeni tədris ilinə möhtəşəm hədiyyə - FOTOLAR

17.09.2023 20:56 310 baxış
IMG

Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib. Fond bu il də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni tədris ocaqlarının inşa olunması ənənəsinə sadiq qalıb. Bu il istifadəyə verilən təhsil müəssisələrinin sayı 22-dir. 

Tehsil.biz "Kaspi" qəzetinə istinadən xəbər verir ki, ənənəsinə sadiq qalan Heydər Əliyev Fondunun dəstəyi ilə bu il də ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni tədris ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilib. Bu il Fond tərəfindən istifadəyə verilən təhsil müəssisələrinin sayı 22-dir. Onlardan 19-u məktəb, 3-ü isə məktəbəqədər müəssisədir. Tədris ili ərzində Heydər Əliyev Fondu tərəfindən inşa və təmir edilən daha 10 məktəbin açılışı nəzərdə tutulur. 

Göyçay, İsmayıllı, Qəbələ...

Göyçay şəhərində 624 şagird yerlik 6 saylı məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılıb, İsmayıllı rayonunda 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün isə yeni bina tikilib.

Fondun təhsillə bağlı digər layihəsi isə Qəbələ rayonunun payına düşür. Qəbələnin Nic qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1 nömrəli tam orta məktəbin binası inşa edilərək istifadəyə verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. 

500-cü məktəb istifadəyə verildi

Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb də istifadəyə verilib. Bu il Bilik Günündə Fondun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov burada şagirdlər və valideynlərlə görüşüb, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.

Təhsil sahəsinə xüsusi diqqət

Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni təhsil ocaqlarının istifadəyə verilməsi ölkədə gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına daha bir töhfədir. Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Fond “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramların icrası ilə təhsil sahəsinə öz dəstəyini göstərir, müasir standartlara cavab verən təhsil kompleksləri yaradır, tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə təhsil müəssisələri əyani vəsaitlərlə təmin olunur.

Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunaraq istifadəyə verilib. Fondun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.

Xəbər lenti