Logo

Hindistan filmində çəkildi, öz ölüm xəbərini televiziyadan eşitdi - Yolda vəfat edən məşhur aktyor

16.09.2023 23:26 268 baxış
IMG

Bu gün mərhum aktyor Bahadur Əliyevin anım günüdür. Kulis.az aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib.

“Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə məşhurlaşıb. Hətta tamaşaçılar Qədir obrazının replikalarını əzbər bilirlər.

***

Mehriban, səmimi, əliaçıq, həyat eşqli Bahadur Əliyev bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

Şəkil:Bahadur Əliyev.jpg — Vikipediya

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı.

***

SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmində rol almışdı.

***

Sonuncu çəkildiyi film “Bəyin oğurlanması”dır. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

“Bəyin oğurlanmsı” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Və bu 17 ildə heç bir filmə dəvət edilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

***

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı.

***

Hara getsə, hara dəvət alsa, dostlarıyla birgə gedirmiş. Tənhalıqdan yaman qorxurmuş.

***

Bir dəfə səhvən televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır.

***

Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda, elə yoldaca infarkt keçirib...

Xəbər lenti