Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda XX əsr Azərbaycan maarifçilərindən biri olan, pedaqoq, jurnalist, tərcüməçi Mədinə Qiyasbəyliyə aid fotoşəkillər qorunur.
Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.
Mədinə Qiyasbəyli 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində anadan olub. O, Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil alıb. Bacarığı və savadı ilə tanınan Mədinə Qiyasbəyli Bakıya köçür və 1920-ci ilin martında savad kursunun açılmasına nail olur və kursu milli hökumətin qərarı ilə rəsmiləşdirir. Sonra Darülmüəllimat - qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaradır, “Şərq qadını” jurnalının təsisçilərindən biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulur.
Mədinə Qiyasbəyli M.S.Ordubadinin və başqa ədiblərin bəzi əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə edib.