Logo

Elektron demoqrafiya problemləri ilə bağlı qrant layihəsinin icra vəziyyəti müzakirə olunub

16.09.2023 16:00 203 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunda Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətlərindən biri olan qrant layihələrinin əhəmiyyətindən danışıb. Baş direktor bildirib ki, elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirak son dərəcə vacibdir: “Hər bir əməkdaş bu istiqamətdə fəaliyyətinə yenidən baxmalı, institutun potensialından səmərəli istifadə etməli, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə məsuliyyətlə yanaşmalıdır”.

Sonra institut əməkdaşları layihə çərçivəsində əldə olunmuş nəticələrə dair hesabatlarını təqdim ediblər. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqatlar barədə ətraflı məlumat verib. Hesabatlarla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev müasir dövrdə e-demoqrafiya məsələlərinin böyük aktuallıq kəsb etdiyini, onun müxtəlif aspektlərinə həsr olunmuş tədqiqatların dərinləşdirilməsinin, əldə olunan nəticələrin nüfuzlu, yüksək istinad indeksli jurnallarda çap olunmasının vacibliyini vurğulayıb. Alim layihə çərçivəsində multikultural elektron dövlət mühitində dil siyasətini təmin edən ekosistemin yaradılması, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi və digər aktual problemlərlə bağlı tədqiqatların aparılmasının müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

Xəbər lenti