Logo

Tələbələr üçün təlim kursu keçirilib

16.09.2023 13:48 164 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) “İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib.

MBBİ-dən "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı tərəfindən keçirilən təlim kursunda Bakı Dövlət Universitetinin və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak ediblər.

İnstitutun Populyasiya genomiksi laboratoriyasının müdiri dosent Nurməmməd Mustafayev tələbələrə “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” və “Populyasiya və genom tədqiqatları: özəllikləri, üstünlükləri, problemləri” mövzularında mühazirə oxuyub. Həmin laboratoriyanın kiçik elmi işçisi Lalə Axundova DNT-nin qatılığının spektrofotometrik təyini, PZR-in aparılmasına hazırlıq, PZR-in həyata keçirilməsi, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübi kursu aparıb. Təcrübə-təlim kursunun sonunda tələbələr Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi”nin Biologiya şöbəsinin Molekulyar genetik laboratoriyasında şəxsiyyətin identifikasiyası və mübahisəli atalığın/analığın təyini üzrə təcrübədə iştirak ediblər.

Təcrübə kursunun gedişində tələbələr RealTime PCR, adi PCR, kapillyar elektroforez aparatlarında iş və alınan nəticələrin analizini həyata keçirən proqramlarla tanış olublar.

Xəbər lenti