Logo

Amerikalı alim ADNSU-da mühazirə oxuyacaq

16.09.2023 13:05 140 baxış
IMG

“English Language Fellov Program” layihəsi əsasında ingilis dilinin tədrisi ilə bağlı proqram çərçivəsində amerikalı alim Tiffani Tillman 2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mühazirə oxuyacaq.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Proqramın məqsədi Qərb elmi ədəbiyyatından daha çox istifadə və sitat gətirməklə azərbaycanlı tələbə və müəllimlərin ingilis dili bacarıqlarını inkişaf etdirməkdir. Amerikalı alim iştirakçılara ingilis dilində elmi məqalələr yazmaqda, ingilisdilli ölkələrdən olan həmkarları ilə əməkdaşlıq etməkdə və məqalələrinin ingilisdilli resenziyalı elmi jurnallarda dərc olunmasında kömək edəcək.

T.Tillman Beynəlxalq əlaqələr üzrə prorektor dosent Rafiq Camalov, Beynəlxalq əlaqələr üzrə prorektor müavini dosent Ülviyyə Abbasova, Xarici dillər kafedrasının müdiri dosent Fəridə Hüseynova və universitetin digər əməkdaşları ilə görüşüb. Görüşdə ADNSU-da təhsil və tədris prosesi, qonağın tədris ili müddətində keçəcəyi mühazirələr haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, T.Tillman 2004-cü və 2006-cı illərdə Oreqon Universitetində dilçilik üzrə bakalavr və magistr dərəcəsi qazanıb. O, 13 il Qətərdə universitetdə çalışıb. T.Tillman, eyni zamanda, İngilis Dili Proqramının Akkreditasiyası Komissiyası tərəfindən akkreditə olunmuş ümum-Avropa Çərçivəsi A1-B1+ səviyyələrindən ibarət bakalavr, dörd səviyyəli İngilis Təqaüd Proqramı üçün kurikulum hazırlayıb və layihələndirib. O, dünyanın bir neçə universitetində mühazirələr oxuyub.

Xəbər lenti