Logo

Güney Azərbaycanın folklor irsi ilə bağlı respublika elmi konfransı keçiriləcək

14.09.2023 23:23 268 baxış
IMG

AMEA–nın Folklor İnstitutu noyabrın 15-də “Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda respublika elmi konfransı keçirəcək.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Qeyd olunub ki, milli mədəni irsimizin ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycan folkloru bu gün fərqli siyasi reallıqda, fərqli etnomədəni əlaqələr və ideoloji təsirlər şəraitində inkişaf etməkdədir. Tarix sübut edir ki, istər Quzey, istərsə də Güney Azərbaycanda xalqın milli-mənəvi oyanışı, mədəni sıçrayışı bütün dövrlərdə daha çox folklor üzərində köklənib, məhz şifahi xalq ədəbiyyatı böyük anlamda xalq ruhunun özünüifadəsinə çevrilib.

Folklor İnstitutu son 10 il ərzində Güney Azərbaycan folklorunun toplanması, tədqiq və nəşri istiqamətində aktiv fəaliyyət göstərib, bölgənin folklor irsinin tədqiqinə həsr olunmuş çoxsaylı toplular və monoqrafiyalar (“Güney Azərbaycan folkloru” silsiləsindən 15 kitab, “Koroğlu” dastanının Əli Kəmali variantı, “Təbriz folklor mühiti”, “Təbriz folklor örnəkləri” və s.) nəşr edib. Toplularda yer almış ayrı-ayrı xalq mərasim mətnləri, uşaq oyunları, dastan, nağıl, lətifə, əfsanə, rəvayət, bayatı, tapmaca və s. janrlarda olan çoxsaylı nümunələr bu gün folklor irsimizin müqayisəli şəkildə yenidən nəzərdən keçirilməsinə, yeni qənaət və nəticələrin əldə olunmasına şərait yaradır.

Azərbaycan aşıq ədəbiyyatının xəzinəsi sayılan Urmiya, Qaradağ-Təbriz, Zəncan, Savə və başqa aşıq mühitləri, bu mühitlərə bağlı aşıqların dilindən yazıya alınan dastanlar, aşıq havaları, şeir şəkilləri folklor dilimiz, dastançılıq ənənələrimizin yeni məlumatlar təqdim edir. Bu materiallar dilçi alimlərimiz üçün zəngin mənbədir.

Müasir qloballaşma şəraitində, dünya ictimaiyyətinin mədəni irsin mühafizə məsələlərinə xüsusi qayğıkeşliklə yanaşdığı, mədəni-tarixi dəyərlərin qəbul edilmiş beynəlxalq konvensiyalarda qorunduğu bir vaxtda Güney Azərbaycan folklorunun daha ətraflı şəkildə öyrənilməsi vacib problemlər sırasındadır. Bu gün bu irsin öyrənilməsi istiqamətində əldə olunan nailiyyətlər Azərbaycan xalqının fərqli siyasi məkanlarda qorunan folklor dünyasına və mənəvi düşüncəsinə açılan bir qapıdır. Güman edirik ki, bu qapı hələ çox-çox ziyalı, alimləri qarşılayacaq və bəlli səbəblərdən diqqətdən kənarda qalan folklor irsimizin bir arada öyrənilməsində töhfə verəcəkdir.

Folklor İnstitutu bu problemləri müzakirə etmək, həmin istiqamətdə yeni perspektivlər müəyyənləşdirmək məqsədilə Güney Azərbaycanın folklor irsinə dair respublika elmi konfransı keçirməyi planlaşdırır və alimləri Güney Azərbaycanın folklor mühitinin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edir.

Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət tezislərini oktyabrın 15-dək [email protected] ünvanına göndərə bilərlər. Tezislərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə noyabrın 1-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

Xəbər lenti