Logo

“Transmilli tərəfdaşlıqların gücləndirilməsində universitetlər üçün təlim və resurslar” layihəsi başa çatıb

14.09.2023 19:25 177 baxış
IMG

“Erasmus Tələbə Şəbəkəsi Azərbaycan” (ESN Azerbaijan) İctimai Birliyinin təşkilatçılığı, Erasmus+ Tələbə və Məzunlar Alyansının dəstəyi və Azərbaycanda Milli Erasmus+ Ofisinin tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin Beynəlxalq əməkdaşlıq şöbələrinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Transmilli tərəfdaşlıqların gücləndirilməsində universitetlər üçün təlim və resurslar” layihəsi həyata keçirilib.

ESN şəbəkəsindən "Tehsil.biz"ə bildirilib ki, layihənin başa çatması münasibətilə keçirilən tədbirdə ictimai birliyin sədri Əli Tağıyev qloballaşan dünyada beynəlxalq təhsilin artan rolundan söz açıb və bu istiqamətdə ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsinin önəmliliyini vurğulayıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə çıxış edərək son illərdə ölkəmizdə təhsilin beynəlmiləlləşməsi istiqamətində aparılan uğurlu islahatlardan danışıb. Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov Avropa İttifaqının “Erasmus+” proqramının yaratdığı imkanların yerli ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

Bakıda 3 gün davam edən təlimlərə müxtəlif ali təhsil müəssisələrinin 35 əməkdaşı qatılıb. Təlimlər Erasmus+ proqramı çərçivəsində layihələrin yazılması və həyata keçirilməsi, beynəlxalq tələbə mübadiləsinin təşkili, xarici tərəfdaşlarla strateji kommunikasiyaların aparılması və sair mövzuları əhatə edib. Sözügedən təlimlər beynəlxalq təhsil sahəsində ixtisaslaşmış xarici ekspertlər, professor İrina Sikorskaya, Tea Gergedeva və Gülden Bulut tərəfindən aparılıb.

Peşəkar mütəxəssislərin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycandakı ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən əməkdaşlarının qabaqcıl təcrübələri ilə tanış olmasına şərait yaratmaq, onların bilik və bacarıqlarının zənginləşdirilməsinə dəstək vermək olub.

Təlim layihəsini uğurla başa vurmuş iştirakçılara sertifikat verilib.

Xəbər lenti