Logo

Vərəmə yoluxdu, 31 yaşında Amerikada öldürüldü – Azərbaycanlı müğənninin faciəvi həyatı

12.09.2023 21:38 152 baxış
IMG

Bu gün tanınmış müğənni Sevil Hacıyevanın anım günüdür.

Kulis.az bu münasibətlə sənətçinin həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub.

Gənc yaşlarından musiqi fəaliyyətinə başlayan Sevil Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alıb.

***

“Yanğı”, “Köhnə tramvay”, “De, kim eşitsin” adlı mahnılarla məşhurluq qazanan müğənni Samir Bağırovla xeyli duet oxuyub.

***

Sevil Hacıyeva əfsanəvi “Karvan” qrupunun solisti olub.

“Karvan” qrupu dağılandan sonra (1993) Sevil Hacıyeva, bir növ, səhnədən küsür və kariyerasına fasilə verib.

***

“Bakı Payızı-88” musiqi müsabiqəsinin laureatlarından biri olub. “Yurmala” müsabiqəsində iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin final mərhələsinə yüksəlib. Daha sonra “Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayıb. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyub.

***

Vərəmdən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür və 8 sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir.

Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

***

“Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusu alan Sevil Hacıyeva Sosial Təhlükəsizlik koduna sahib olub.

O, yaradıcılığının çiçəklənən vaxtı, 12 sentyabr 2000-ci ildə bir soyğunçu tərəfindən güllələnərək öldürülüb.

***

Müğənni “Hollywood Hills” məzarlığında dəfn edilib.

Xəbər lenti