Logo

Milli Məclis sədrinin müavini Nərimanov rayonunda təhsil ictimaiyyəti ilə görüşüb - FOTO

11.09.2023 19:58 167 baxış
IMG

Sentyabrın 11-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakının Nərimanov rayonunda yeni tədris ili ərəfəsində təhsil ictimaiyyəti ilə görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında bildirib: “Uşaqlarımızın həvəslə məktəbə hazırlaşdıqlarını görmək hər birimizi sevindirir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Uşaqlar bizim gələcəyimizdir”. Bizim borcumuz uşaqlarımızı təhsilli, savadlı, vətənpərvər ruhda böyütmək, milli-mənəvi dəyərlərimizi onlara aşılamaqdır”.

Diqqətə çatdırılıb ki, bu gün uşaqlarımızın təhsilə, məktəbə böyük həvəs göstərməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elm, təhsil və gənclər sahəsində yürütdüyü uğurlu siyasətin bəhrəsidir. Onların xoşbəxt və uğurlu gələcəyinin açarı məhz təhsildə, elmdədir. Uşaqlara oxumaq, təhsil almaq, savadlı olmaq kimi bacarıqların erkən yaşlarından təbliğ edilməsinin zəruriliyinə toxunan sədr müavini, dövlətin təhsil sahəsinə böyük vəsaitlər sərf etdiyini, hər il yeni məktəblərin tikildiyini, əsaslı təmir edildiyini qeyd edib.

Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan “Yenilənən Azərbaycana yeni məktəb” və digər layihələr təhsilimizə əvəzsiz töhfələr verir.

Sonra tədbirdə 160 nəfər birinci sinif şagirdinə Adil Əliyev tərəfindən məktəbli formaları, çantalar və digər məktəbli ləvazimatları hədiyyə edilib, onlara təhsil həyatında uğurlar arzulanıb.

Tədbirdə çıxış edən Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və ictimaiyyət nümayəndələri şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıblar.

Daha sonra çıxış edən müəllimlər, valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti