Logo

Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcək

29.08.2023 10:38 139 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının IV kurs tələbələri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Görüşdə institutun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova, təcrübə rəhbərləri, tələbələr, eləcə də digər məsul şəxslər iştirak ediblər.

M.Səidova çıxış edərək əvvəlcə institutda Big Data, informasiya təhlükəsizliyi, süni intellekt, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verib. O, institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini bildirib.

Məruzəçi hazırda həm dünyada, həm də ölkəmizdə informasiya texnologiyaları üzrə yüksəkixtisaslı kadrlara böyük tələbatın yarandığını qeyd edərək tələbələri bu istiqamətdə institutun təcrübəsindən faydalanmağa, burada aparılan tədqiqatlarla yaxından tanış olmağa çağırıb.

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Riyaziyyat və kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbələrində istehsalat təcrübəsi keçəcəklər.

Sentyabrın 12-dək davam edəcək istehsalat təcrübəsi institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və böyük elmi işçisi Tamilla Bayramova tərəfindən həyata keçiriləcək.

Təcrübənin əsas məqsədi tələbələrin bilik və bacarıqlarının istehsalat şəraitində tətbiq olunmasını təmin etmək, onların ali məktəbdə əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, lazımi təcrübəni formalaşdırmaqdan ibarətdir.

Xəbər lenti