Logo

Bakıdakı Rus evində rus dili müəllimlərinin görüşü keçirilib

28.08.2023 18:30 438 baxış
IMG

Yeni tədris ili ərəfəsində Bakıdakı Rus evində seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə 2022-2023-cü tədris ilinə yekun vurulub və yeni tədris ilində gələcək işlərin perspektivləri müəyyən edilib.

Seminarda Azərbaycanda iyirmi beşinci ildir ki, keçirilən “Puşkiniana 2023” layihəsinə xüsusi diqqət yetirilib. Layihədə respublikanın şəhər və rayonlarından məktəblilər, eləcə də Rusiya, Belarus, Qazaxıstan, Türkiyə və Fələstindən olan şagirdlər və tələbələr iştirak ediblər.

Müzakirələr zamanı diqqətçəkən mövzulardan biri də gənc nəslin mənəvi-əxlaqi tərbiyəsi, layihə iştirakçılarının coğrafiyasının genişləndirilməsi olub.

Həmçinin Bakı, Gəncə və Şamaxıdan olan müəllimlər Rusiyanın humanitar missiyasının “Azərbaycanda rus dili - yeni üfüqlər” beynəlxalq müsabiqəsinin qalibləri üçün təşkil etdiyi Moskva səfəri ilə bağlı təəssüratlarını bölüşüblər.

Müsabiqə çərçivəsində rusşünaslıq müəllimləri üçün tədris-metodiki seminar, respublikanın şəhər və rayonlarının məktəbliləri arasında oxucu müsabiqəsi və s. təşkil edilib.

Seminara Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina yekun vurub.

Xəbər lenti